HPV (Human papiloma virus) daha çox cinsi yolla keçən və qadınlarda genital ziyil, uşaqlıq boynu və vagina xərçənginə yol açan bir virusdur.
İPV-ni kəşf etmiş Harald zur Hausen 2008-ci ildə Nobel mükafatı almışdır. Ondan əvvəl 1970-ci ildə heç kimin dilə gətirmədiyi bir faktı irəli sürdü ki, uşaqlıq boynu xərçənginin səbəbi insan papilloma virusudur. Bir dəfə olsa belə, aktiv cinsi həyat yaşayan 10 insandan 2-si, qadınların 70%-i bu virusa yoluxur. İPV-nin 100-dən çox növü var. Bunlardan sadəcə 40-ı genital hissədə infeksiya törədir.
Həm qadınlarda, həm də kişilərdə genital hissədə olan İPV eyni zamanda ağız içərisində və qırtlaqda ziyil əmələ gətirə bilir.
İPV-ni 2 hissəyə ayıraq:
- Düşük riskli genital viruslar.
Qadınlarda və kişilərdə genital hissədə, ağız boşluğu və qırtlaqda olanlar ziyil şəklində səpgilər əmələ gətirir. Bu səpgilər gül kələmini xatırladır. - Yüksək riskli genital viruslar.
Uşaqlıq boynunda yerləşir və hüceyrələrdə qeyri-düzgün bölünmə nəticəsində xərçəng yaradır. Ziyil yaradan İPV-dən heç vaxt qorxmaq lazım deyil, çünki onların xərçəngə çevrilmə ehtimalı çox-çox aşağıdır. Bunlar 6-cı və 11-ci tiplərdir. 90/100 sadəcə ziyil əmələ gətirir. Əgər tiplər qarşılaşdırılarsa (16, 18, 31, 45), diqqətli olmaq lazımdır. Ziyil əmələ gətirməyən İPV uşaqlıq boynu xərçəngi törədir. Bunlar 16-cı və 18-ci tiplərdir. Əsasən, 16-cı və 18-ci tiplər ən çox uşaqlıq boynunda yerləşir. Qadınlar İPV-yə yoluxubsa, 7-8, hətta 15 il sonra CİN (servikal intraepitelial neoplaziya) olacaqdır. 100-dən 60-ı öz-özlüyündən geriləyəcəkdir. İPV ilə yaranan xərçənglər cinsi formasına görə fərqli yerlərdə ola bilər. Ən çox uşaqlıq boynu, sidik kisəsi, vulva genital ziyilərlə İPV bağlıdır.
Yoluxma tərzi
İPV, əsasən, cinsi, oral və anal yolla yoluxur. 6-cı və 11-ci tiplər vardır, hansı ki, düşük riskli İPV-dir və bunun yoluxması cinsi əlaqə olmadan, sadəcə dəri təması vasitəsilə keçir və dəridə ziyiləbənzər, gül kələmi şəklində səpgilər olur və böyüklüyü bir neçə millimetrdən 4 sm-dək çata bilir.
Amerikalı elm adamlarının apardığı araşdırmalara əsasən, cinsi yolla keçən infeksiya arasında ən yüksək yayılan virus növüdür. 20-25 yaş qruplarında virusun yayılması 25% təşkil edir. Dəridə hər hansı kəsik varsa, virus oradan daxil olaraq həmin şəxsi daşıyıcıya çevirir. 15 il sonra səpgilər formasında özünü büruzə verə bilir və yaxud, həmin şəxsin immun sistemi yüksəkdirsə, yoluxmur.
Burada immun sisteminin güclü olması ən mühüm funksiyalardan biridir. Məsələn, bir insanla oldunuz və qısa müddət sonra səpgilər meydana gəldi. Bu o demək deyil ki, həmin insan, daşıyıcıdır. 20 il əvvəl birlikdə olduğunuz partnyordan keçib, həmin müddət sakit qalıb və 20 il sonra səpgilər şəklində özünü büruzə verir və yaxud birlikdə olduğunuz şəxs digər insanla birlikdə olub sizə yoluxdura bilər.
Təbii ki, biz heç nə deyə bilmərik, çünki biz hakim deyil, həkimik! Bəzi məqalələrdə bunun ortaq işlənilən yer və əşyalardan (məsələn, yataq, ayaqyolu, hamam, qətfə) keçdiyini yazırlar, ancaq bu düzgün deyil, çünki keçmə yolu sadəcə cinsi yoldur. Əgər 16-cı və ya 18-ci tip yoluxarsa, bu, yüksək tipli İPV sayılır. İPV dərinin çat hissələrindən daxil olaraq hüceyrənin DNT-sini dəyişir və infeksiyalaşmıs hüceyrələrin miqdarının artmasına səbəb olur.
Normalda bir hüceyrə çoxalıb bölünürsə, özünü yeniləyirsə, bu virus hüceyrəni ələ keçirdikdə hüceyrə nəzarətsiz şəkildə və tez-tez bölünməyə başlayır. Dərinin üst təbəqəsinə çıxdıqda bu insan daşıyıcı sayılır, təmas halında olduqda bu virusu yaymağa başlayır. 16-cı və ya 18-ci tip yoluxubsa, heç bir şikayət verməz və hansısa müayinə gedişatında uşaqlıq boynu xərçəngi olduğu araşdırılar.
Tədqiqatlara əsasən, 1 ildə 5 milyon insan İPV-yə yoluxur, 1,5 milyon insana İPV xərçəngi diaqnozu qoyulur. İPV-yə yoluxmuş xəstələrin ilk vaxtlar reaksiyaları dəyişkən olur, təlaş, şok, həyəcan keçirirlər. Bu halda pasiyenti tez bir zamanda sakitləşdirib məlumatlandıraraq bu vəziyyətdən çıxarmaq lazımdır. Məsələn, prosesin geri qayıtması İPV-nin ən mənfi xüsusiyyətlərindən biridir. Ancaq digər cinsi yolla keçən xəstəliklər də var, hansı ki, bakteriya mənşəlidir.
Onların müalicəsini antibiotiklərlə edirik. Çox təəssüf ki, virus elə deyil. İPV ancaq uşaqlıq yolu, uşaqlıq boynu, xarici genital orqanlarda yerləşir və digər orqanlara (yumurtalıq, borulara) yayılmır. Bu virus təkbaşına yayıla bilməz. Yayılması üçün münbit şərait olmalıdır ki, bölünüb çoxalsın.
Əlamətlər
Əgər 16-cı və ya 18-ci tipdirsə, uşaqlıq boynu xərçəngi yaradan heç bir əlamət verməz. 6-cı və 11-ci tiplərdə isə ziyiləbənzər vulvada, anus bölgəsində bir neçə mm-dən sm-dək səpgilər yaranır, pasiyent qaşıntıdan şikayət edir. Bəzən sidikdə yanma, qan kimi əlamətlər meydana gəlir.
Qorunma yolları
Kontraseptiv vasitə 79% qoruyur, çünki virus açıq sahələrdən daxil olaraq yoluxur. Bunun üçün xüsusi vaksinlər vardır, hansı ki, 2 cürdür: biri sadəcə 6-cı və 11-ci tiplərə qarşı qoruyur, digəri isə 6-cı, 11-ci, 16-cı və 18-ci tiplər üçündür. Bu tiplərə qarşı anticisimlər yaradır. Ümumdünya Səhiyyə Təşkilatı bəzi ölkələrdə 9, bəzilərində isə 11 yaşından etibarən bu vaksini qız uşaqlarına etdirirlər. Daşıyıcıları, əsasən, kişilər olduğu üçün yoluxmaların qarşısı bu cür alınır. Ailəli qadınlarda isə bunu etməzdən əvvəl “Pap smear” testi edilir. Əgər cavab normal gələrsə, o zaman bu vaksini edirlər. 3 doza şəklində 0-2-6-cı aylarda edilir.
“Pap smear” testi nədir?
Uşaqlıq boynundan çubuq vasitəsilə yaxma götürülür, daha sonra bunu patohistoloqlar dəyərləndirir. İldə 1 dəfə bu test təkrarlanmalıdır, çünki siz özünüzü məhz 1 il müddətinə uşaqlıq boynu xərçəngindən sığortalayırsınız. “Pap smear” testinin cavabı DRD (düşük riskli displaziya) və ya YRD (yüksək riskli displaziya) gələ bilər. Biopsiya etmək lazımdırsa, GİN 1, GİN 2 və yaxud GİN 3 gələ bilər. Belə gələrsə, uşaqlıq boynunun 1/3 hissəsi götürülür, elektrokonizasiya əməliyyatı (LEEP) icra edilir. Əgər tipini araşdırmaq istəsək, DNT testi və ya skrininq edilir. 6-cı və ya 11-ci tipin medikamentoz (dərman) müalicəsi yoxdur. Genital nahiyədə yerləşən səpgilər krioterapiya, elektrokoaqulyasiya və turşuluq maddələri vasitəsilə yandırılır.