+994 55 337 87 37

Yumurtalıq kistaları nədir?

by Apr 4, 2020Yumurtalıq Kistaları

Paylaşmaq üçün

Demək olar ki, hər qadın həyatının bir dövründə yumurtalıqlarda müşahidə olunan və çox vaxt müalicəyə ehtiyac olmayan, bir-birindən fərqli, bir çox növü olan və hormonların təsiri altında əmələ gələn içərisi dolu kütləyə kista deyilir. Qadınlarda rastlanılan və tibb dilində “over” deyilən yumurtalıqlar qadınlıq hormonları olan estrogen, progesteron və kişi hormonu olan testosteron hormonunu ifraz etməklə hər ay dölün mayalanması üçün lazım olan yumurta hüceyrəsi (oosit) əmələ gətirmək məqsədilə yaradılıb. Uşaqlıq borularının hər iki tərəfində yerləşirlər. Yumurtalıqların əsas işi yeniyetməliklə başlayıb menopauzayla bitir. Buna görə menstrual sikli başlamayan və menopauza dövründə yaranan kistalar çox nadir görülür.

Növləri

  1. Funksional kistalar. Bu kistalar follikulun böyüməsi və sarı cismin geriləməsi ilə meydana gəlir. Doğurqanlıq dövründə ən çox rast gəlinən kistalardır.
  2. Follikulyar kistalar. Adından da görüldüyü kimi, follikulun hədsiz böyüməsi ilə yaranan kistalardır. Adətən, 5 sm-dən daha kiçik olurlar, ancaq böyük də ola bilərlər. Əlaməti olmaz və bir neçə menstrual sikldən sonra öz-özlüyündən yox olar.
  3. Korpus luteum kistaları. Adətən, ağrılı olan və sarı cismin həddindən artıq böyüməsi və içinə qanamasıyla ortaya çıxar. Sarı cisim ortadan qalxmadığı üçün progesteron hormonunu ifraz etməyə davam edər, nəticədə menstrual sikldə gecikmələr olar. Follikulyar kistalardan daha böyük olan bu kistalar 8-10 sm-dək çata bilir və, əgər təqib olunarsa, daha da böyüdüyü görülür. Bu kistalar bəzən öz-özlüyündən, bəzən də dərmanlarla müalicə olunur.
  4. Endometrioma. Xalq arasında şokolad kistası olaraq bilinən bu kistalar uşaqlığın iç divarı olan endometriumun ortaya çıxmasıyla xarakterizə olunur. İçərisi qəhvəyi rəngli köhnəlmiş qanla dolu olan bir kistadır. Menstrual sikl ağrılı olur. Sonsuzluq muşahidə edilir.
  5. Polikistik over sindromu. Qadınlarda ən sıx görülən hormonal xəstəlikdir. Yumurtalıqlarda ifraz olunan testosteron hormonu normal qadınlar ilə müqayisədə daha çox ifraz olunduğu və qan şəkərini normallaşdıran insulin hormonunun artması ilə bağlı yaranan hormonal düzənsizlikdən meydana gəlir. Testosteron və insulinin artması ilə pasiyentlərdə yumurtlama olmamaqla menstrual sikldə pozğunluqlar, bədəndə tüklənmə və sızanaqlar yaranır. Bəzi nəzəriyyələr genetik faktor, digərləri isə testosteron hormonu miqdarının artması ilə əlaqələndirir. PKOS olan xanımlar öz-özlüyündən yumurtlama keçirib hamilə qala bilərlər. 35 gündən (2-3 ay) gec menstruasiya görürlər. Normal xanımlarda yumurtlama 12-18-ci günlərdə müşahidə edilirsə, bu xanımlarda 22-23-cü günlərdə müşahidə edilir. PKOS şəkər xəstəliyi və metabolik sindrom (piylənmə), təzyiq probleminə yol açır.
  6. Dermoid kista (teratoma). Yumurtlama ilə əlaqəli olmayan və bədənin hər hansı hissəsindən bir parça olan kista növüdür. Ölçüsü 2-3 sm-dən 20-30 sm-dək olur. Birtərəfli və yaxud ikitərəfli ola bilir. Kistanın içərisində piy, tük, diş, dırnaq əmələ gətirir. Kista partlaya və peritonit yarada bilər. Bu zaman proses daha aqressiv olur.

Əlamətləri
Menstrual düzənsizlik, qadında şişkinlik, qarın ağrısı, qasıq nahiyəsində ağrı, ayaqlarda ağrı, belə vuran ağrılar, ürəkbulanma, sidik kisəsinə təzyiq.

Təyini USM və MRT vasitəsilə edilir. Cərrahi müdaxiləsi laparoskopik kistektomiya (qapalı) əməliyyatıdır. Əməliyyat kistanın növündən asılı olaraq dəyişir. Ümumi anesteziya altında edilir. Pasiyent 1 gün xəstəxanada qalır, səhəri evə buraxılır. Hər hansı məhdudiyyət qoyulmur. 3-5 günə özünü tam bərpa edir.


Paylaşmaq üçün